Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət dəstəyi və fermerlərin zəhməti - Naxçıvanda heyvandarlığın inkişafında yeni hədəflər

25.06.2026 [12:41]

Xəbərin mətni

Müasir çağırışlar və qlobal iqtisadi proseslər aqrar sektorun daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ əsaslar üzərində inkişafını zəruri edir. Bu baxımdan Prezident İlham Əliyevin cari il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirən mühüm strateji sənəd kimi çıxış edir. Dövlət Proqramında bütün istiqamətlərlə yanaşı, heyvandarlıq sektorunun inkişafı ilə bağlı da mühüm tədbirlər nəzərdə tutulub. İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2,5 faizdən 10 faizə çatdırılması hədəflənir. Süd istehsalının təqribən 10, mal əti istehsalının isə 20 faiz artırılması, bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi və mal əti ilə tam təminata nail olunması qarşıya məqsəd qoyulub. Bu hədəflərə çatmaq üçün yeni təsərrüfatların yaradılması, onların cins damazlıq heyvanlarla təmin edilməsi, yeni süd və dəri toplama məntəqələrinin qurulması, yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması, damazlıq heyvan və məhsul subsidiyalarının tətbiqi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xırdabuynuzlu heyvandarlığın inkişafı istiqamətində isə yarımintensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələrinin təşkili, örüş və otlaq sahələrinin bərpası, eləcə də təsərrüfatların içməli su təminatının yaxşılaşdırılması kimi tədbirlər müəyyənləşdirilib. Nəticədə qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması planlaşdırılır.