Kamran Əliyev: Azərbaycan və Özbəkistan prokurorluqları arasında qarşılıqlı əlaqələr gündən-günə daha da intensivləşir
20.07.2026 [14:13]
Özbəkistanla Azərbaycan qardaş və dost ölkələrdir. Bizim bir çox ortaq dəyərlərimiz var. Ən əsası da odur ki, bütün dəyərlərə əsaslanaraq iki ölkənin prezidentləri arasında siyasi səviyyədə çox gözəl münasibətlər mövcuddur. Özbəkistan həmişə Azərbaycanın, Azərbaycan isə həmişə Özbəkistanın yanında olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında başqa dövlətlər üçün nümunə olacaq münasibətlərin nəticəsidir ki, hazırda iqtisadi, humanitar, təhsil, nəqliyyat sahələrində əlaqələr yüksək səviyyədədir. Eyni zamanda, Qarabağda quruculuq işlərinin aparılmasında da Özbəkistan Respublikasının şirkətləri yaxından iştirak edirlər. AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramının imzalanması mərasimində çıxışı zamanı deyib.