Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır
12.08.2026 [15:19]
Azərbaycan dilinin istifadəsində bu gün ən çox müşahidə olunan problemlər sırasında orfoqrafik və orfoepik norma pozuntuları, sintaktik qüsurlar və əcnəbi sözlərin lüzumsuz işlədilməsi dayanır. Mütəxəssislər bildirirlər ki, bu hallar xüsusilə televiziya, reklam, sosial şəbəkələr və internet mediasında daha çox nəzərə çarpır. Rəqəmsal platformalarda informasiyanın sürətlə yayılması müsbət hal olsa da, sürət naminə dil normalarının gözardı edilməsi nitq və yazı mədəniyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, düzgün dil nümunələrinin sosial şəbəkələrdə təşviqi, xüsusilə gənclər arasında nitq və yazı mədəniyyətinin formalaşmasına mühüm töhfə verə bilər. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib.