Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır
19.08.2026 [15:30]
Xəzər dənizinin səviyyəsinin son illər intensiv şəkildə aşağı düşməsi alimlərin diqqətində olan əsas məsələlərdəndir. Dənizin gələcək vəziyyətinə dair müxtəlif modellər və ssenarilər hazırlansa da, uzunmüddətli dövr üçün dəqiq proqnoz vermək çətindir. Xəzərin səviyyə dəyişməsinə iqlim və su balansı ilə yanaşı, tektonik proseslər və güclənən antropogen təzyiq də təsir göstərir. Xəzər dənizinin yaxın 10–20 ildəki vəziyyəti ilə bağlı müəyyən proqnozlar hazırlamaq mümkündür, lakin dənizin səviyyəsinin gələcək dinamikasını tam dəqiqliklə müəyyənləşdirmək çətindir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib.