“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda
27.08.2026 [17:17]
Xəbərin mətni
Səhərin erkən saatlarıdır. Qafqaz dağlarının sinəsinə sığınan Laçının Sus kəndinə daxil oluruq. Sərin dağ mehi ilə yanaşı, havada yenicə dərilmiş meyvələrin və nəm torpağın ətri var. Bir vaxtlar işğal dövründə xarabalığa çevrilən bu torpaqlar indi tanınmaz dərəcədə dəyişib. Dövlətimiz tərəfindən yenidən qurulan kəndə qədəm qoyarkən insanı, ilk növbədə, müasir arxitekturalı evlər, nizamla salınmış geniş küçələr və yolboyu göz oxşayan yaşıllıqlar salamlayır. Amma kəndin ən böyük gözəlliyi onun tikililəri deyil - illər sonra öz ocaqlarına qayıdan əsl sahiblərinin gözlərindəki o sonsuz işıqdır.