Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır

15.09.2026 [15:30]

Xəbərin mətni

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətlərindən biri də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, eyni zamanda, xaricdə alınan kvalifikasiyaların tanınması, qeyri-formal və informal təcrübə üzrə tanınmanın həyata keçirilməsidir. Məqsədimiz bu istiqamətlər üzrə fəaliyyətimizi daha da irəli aparmaq, təhsil müəssisələrindəki keyfiyyət monitorinqi mexanizmlərini təkmilləşdirməkdir. Vaxtilə ali təhsil müəssisələri səviyyəsində həyata keçirilən akkreditasiya prosesi institusional olmaqla, proqram səviyyəsində davam etdirilirdi. Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrində pilot akkreditasiyanın keçirilməsi nəzərdə tutulur. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.