Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

05.10.2026 [21:55]

Xəbərin mətni

Muxtar respublikada sənayenin ÜDM-dəki çəkisi 11 faizdir. Cari ilin 8 ayı ərzində 366 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən təxminən 5 faiz artıqdır. İstehsal olunan sənaye məhsulunun 84 faizi qeyri-dövlət, 83 faizi isə emal sektorunun payına düşür. Sənayeyə cari ildə 66 milyon manat investisiya qoyulub. Bu, ötən ilin müvafiq dövründəkindən 3 dəfə çoxdur. Sənayenin inkişafı istiqamətində əsas prioritet 310 hektar sahəsi olan, ölkədə sahəsinə görə ikinci böyük sənaye parkı sayılan Naxçıvan Sənaye Parkının qısa müddətdə istismara verilməsidir. Təbii ki, muxtar respublikada başlıca istiqamətlər - aqrar və yeyinti sənayesi, dağ-mədən, yüngül sənaye, tikinti materialları, kimya və metallurgiya sahələridir. Məqsəd növbəti mərhələdə bu sahədə müəssisələrin qurulması və investisiyanın yönəldilməsinə nail olmaqdır. Bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.