Azərbaycan Dövlət İnformasiya Agentliyi

Allahverən İsmayılov: Azərbaycanda süni intellektin dövlət idarəçiliyində tətbiqi prioritetlər sırasındadır

20.10.2026 [12:35]

Xəbərin mətni

Süni intellektin tətbiqi informasiya təhlükəsizliyindən kənarda qəbul edilə biləcək ayrıca bir texnoloji qərar deyil. Bu, təşkilatın idarəetmə modelinə, risklərin qiymətləndirilməsinə, məlumatların mühafizəsinə birbaşa təsir göstərən strateji məsələdir. Məhz buna görə informasiya təhlükəsizliyi üzrə rəhbərlərin rolu getdikcə daha da əhəmiyyətli olur. Onların vəzifəsi yalnız mövcud sistemləri qorumaq deyil, həm də yeni texnologiyaların tətbiqindən irəli gələn riskləri əvvəlcədən görmək, düzgün qərarların qəbuluna töhfə vermək və təhlükəsiz innovasiya üçün zəruri şərtləri formalaşdırmaqdır. Bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov adıçəkilən qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında çıxış edərkən deyib.