İDMAN


Fuad Cəfərov Memorialında 300-ə yaxın şahmatçı mübarizə aparır

Azərbaycanda yeni ili ölkə şahmatının inkişafına böyük töhfələr vermiş və xəstəliklə əlaqədar 2004-cü ildə vəfat etmiş unudulmaz şahmatçı, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi və Respublika şahmat mərkəzinin birinci direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərlə başlamaq şahmatçılarımız arasında bir ənənəyə çevrilib. Artıq neçənci ildir ki, Bakıda Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlər seriyası keçirilir. Turnirin baş təşkilatçısı – onun şagirdi və tutduğu yolu davam etdirən beynəlxalq dərəcəli hakim və beynəlxalq şahmat ustası İlqar Bacarani turnirə Azərbaycan, İran, Gürcüstan, Rusiya, Fransa və ABŞ-ı təmsil edən 300-ə yaxın iştirakçını cəlb edə bilib.