ELM VƏ TƏHSİL


İxtisas seçimi başlayıb: Abituriyentlər nələrə diqqət etməlidir?

Dövlət İmtahan MərkəziAzərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir. DİM-in mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, ixtisas seçimi iyulun 24-dən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib, onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilərlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər. Həmçinin I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Eyni ixtisas qrupu (I-IV qruplardan biri) üzrə iki dəfə imtahan verən abituriyentlər isə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini seçməlidirlər.