MƏDƏNİYYƏT


Tullantı kimi atılan adi əşyalardan nələr düzəltmək olar - REPORTAJ

İstifadə müddəti bitən əşyaların yeri çox vaxt tullantı qabları olur. Amma onlara ikinci nəfəs verməklə həm ətraf mühit qorunmuş olar, həm də bu əşyalar yenidən istifadəyə qayıdar. Ekoloq alim Telman Zeynalov tullantılardan yeni əşyalar düzəldir. Onun sözlərinə görə, tullantıların çox hissəsi yandırılır ki, bu da havanın çirklənməsinə yol açır. Professor bir sıra tullantılardan məişətdə lazımlı yeni əşyalar düzəltməyin mümkün olduğunu deyir.

Telman Zeynalov, ekoloq alim

“Bu, çöplərdəndir. Təmiz yuyuram bunu xlorla, quruduram. Ondan sonra yığıram. Adicə meyvə qabıdır. Ehtiyac yoxdur xaricdən gətirməyə. Mən bunu satmaq istəsəm, ən azı 50 manat pul verərlər. Eyni zamanda havadan elektrik enerjisi götürə bilərəm. Cürbəcür rəngli işıqlarla işıqlandıra bilərəm”.

Telman Zeynalovun sözlərinə görə, çox vaxt lazımsız bilib tulladığımız əşyalardan məişətdə istifadə etmək üçün çox sayda qab düzəltmək olar.

Telman Zeynalov, ekoloq alim

“İki litr yarımlıq plastik su qabıdır. Mən bunu çöplərlə bəzəmişəm, laklamışam, plastik qaşıqlardır bu da butulkanın dibidir. Bundan gül qabı düzəltmişəm. Nə çürümür, nə xarab olmur”.

Professor deyir ki, tullantılardan düzəldilən ən müxtəlif əşyaları satmaqla pul da qazanmaq olar. Onun düzəltdiyi əşyalar yerli sərgilərdə nümayiş olunub. Hələlik əl işlərini hədiyyə edən ekoloq onların satışını həyata keçirmədiyini bildirib.