ELM VƏ TƏHSİL


Bu sinfin bütün şagirdləri ali məktəblərə qəbul olub REPORTAJ

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.  Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib. Onlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.

Aytac Xəlilova, BDU-nun filologiya fakültəsinin tələbəsi

“Mən 557 bal topladım. Bunu gözləyirdim, çünki uşaqlıq xəyalım idi. 22 şagirdin hamısından gözləyirdik. Hamımız özümüzə güvənirdik. Çünki biz hamımız dərslərə müntəzəm gəlirdik, hazırlaşırdıq və bir-birimizə çox kömək edirdik”.

Rihat Bayramov, ADU-nun alman dili müəllimi fakültəsinin tələbəsi

“Əslində bu şans deyildi, uğur idi, çünki biz müntəzəm olaraq dərslərdə iştirak edirdik, dərslərimizə yaxşı hazırlaşırdıq. Bu yolda bizə dəstək olan çox oldu, başda Nadir müəllim olmaqla, Asif müəllim, Ramal müəllim və digər müəllimlərimiz bizə dəstək oldu və uğur qazanacağımıza inandırdılar”.

Şagirdlərinin bu uğuruna sevinən müəllimləri onlardan bu nəticəni gözlədiklərini bildiriblər.

Sara Babayeva, direktor müavini

“Bu bizim üçün böyük fəxrdir. Məktəb vaxtı bu şagirdlərin seçilən şagirdlər olduğunun şahidi olmuşuq. Buna görə də bizim gözlədiyimiz nəticə idi ki, bu sinifin şagirdlərinin hər biri ali məktəbə qəbul olaraq tələbə adını qazanacaq”.

Asif Salmanov, Azərbaycan dili və ədəbiyyatı müəllimi

“2 il öncə bu sinifə sinif rəhbəri təyin edilmişdim, təyin edilərkən qarşımızdakı vəzifələri müəyyənləşdirdik və məqsədlər qoyduq qarşımıza. İlk vəzifələrimizdən biri bu idi ki, valideyn, məktəb, şagird birliyini yaradaq və bu yolda hərəkət edək. Nəticədə bugünkü gündə 22 şagirdin hamısı tələbə adını qazandı və ölkəmizin ən adlı-sanlı universitetlərinə qəbul oldular”.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 314 nömrəli tam orta məktəblə yanaşı 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun da hamısı tələbə adını qazanıb

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır