ELM VƏ TƏHSİL


Gənclər Fondu 47 nəfərin xaricdə təhsil xərcini ödəyəcək

Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki, müsabiqə nəticəsində 47 nəfər qalib elan olunub.

Gənclər Fondu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə mayın 23-dən iyunun 23-dək müsabiqə elan edib. Qurumun müəyyənləşdirdiyi qaydalara uyğun olaraq müraciət edən, qəbul olduğu ali təhsil müəssisəsi Fondun təqdim etdiyi universitetlərin, ixtisası isə prioritet ixtisaslar siyahısında yer alan şəxslər iyulun 15-31-də həyata keçirilən müsahibələrə dəvət olunublar.

Müsahibələrin nəticələrinə görə şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və sair) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil aparılaraq “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 47 nəfərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib. Qaliblərdən 15-i Böyük Britaniya, 14-ü Almaniya, 5-i İtaliya, 3-ü Norveç, 2-si Niderland, 2-si Rusiya, 2-si Fransa, 1-i İsveç, 1-i Finlandiya, 1-i ABŞ, 1-i isə İspaniyanın nüfuzlu universitetlərinə qəbul olunublar.

Gənclərin təhsil xərcləri Fondun mayın 23-də elan etdiyi müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır