ELM VƏ TƏHSİL
Şəhərdən kəndə müəllim gedənlər üçün hansı güzəştlər var Araşdırma
14.09.2019 [13:51]
Azərbaycanın ucqar bölgələrində işləməyə gedən müəllimlər üçün bir-sıra güzəştlər tətbiq olunur. Bu güzəştlər şəhər mühitindən kəndə yola düşən gənclərin həyat şəraitinin yaxşılaşmasına imkan yaradır. Bunun nəticəsidir ki, son illərdə kənd məktəblərini seçənlərin sayında artım var. Məsələn, bu il regionlarda ayrılan vakant yerlərin hamısı tutulub.
Bakı sakini Kamil Ağayev müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçdikdən sonra ucqar dağ kəndində işləməyi seçib. Coğrafiya fənnini tədris edən müəllim ilk zamanlar çətinlik çəkdiyini desə də indi həm kənd şəraitinə, həm də şagirdlərinə öyrəşib.
Kamil Ağayev, müəllim
“Artıq ikinci ildir ki, İsmayıllının Əhən kəndində işləyirəm. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən kənddir. Lahıc qəsəbəsindən 3 km məsafədə yerləşir. Bakıdan ucqar kəndə getmək biraz çətinlik törədir. Şərait baxımından, istiyə alışmış insanlar kimi soyuq mühitə düşəndə biraz çətinlik çəkirik. İlk əvvəl çətinliklərim olurdu, dərsə girəndə uşaqlarla ünsiyyətdə, şagirdlərlə bir-birimizə öyrəşəndən sonra dərsimiz daha səmərəli keçməyə başladı”.
Nazirlər Kabinetinin qərarına görə, rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə işləyən müəllimlərin əməkhaqlarına hər ay 60 manat əlavə edilir. Bu məsafə 20 km-dən çoxdursa, 100 manat da əlavə ödənilir. Əvvəllər bu stimullaşdırıcı tədbirlər 3 illik tətbiq edilirdisə, indi bu müddət 5 ilə çatdırılıb. Üstəlik onlara torpaq sahəsi də ayrılır. Ekspertlər hesab edir ki, bu güzəştləri bir qədər genişləndirmək və əlavə ödənişləri də artırmaq olar.
Kamran Əsədov, təhsil eksperti
“Nəzərə alsaq ki, həmin şəxslər yeni bir əraziyə gedirlər və özlərinin infrastrukturunu sıfırdan qururlar, güzəştlərin əhatə dairəsi daha da genişləndirilməlidir. Bundan başqa hesab edirəm ki, mütləq şəkildə dövlət büdcəsindən vəsait ayrılaraq müəllimlər üçün məktəblərin yanında xidməti evlər tikilməlidir. Əgər kənar yerdən müəllimlər gələrsə onların kirayə mənzil problemi olmasın. Çünki biz bilirik ki, Bakıdan fərqli olaraq regionlarda kirayə ev məsələsi ciddi problemdir”
Ekspertin sözlərinə görə, gənc müəllimləri ictimai nəqliyyat, kommunal xidmət ödənişlərindən də azad etmək olar ki, bu onları kənddə işləməyə həvəsləndirə bilər. Bu həm ucqar bölgələrdə savadlı müəllim çatışmazlığının qarşısını alar, həm də onların orada daha uzun müddətə qalıb işləməsinə şərait yaradar.