ELM VƏ TƏHSİL


Magistraturaya qəbul üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci il  fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır. Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2020-ci il 21 yanvar saat 11:00-dan 27 yanvar saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli) AZN-dir.