ELM VƏ TƏHSİL
Cənubi Koreyada bir ana virtual reallığın köməyilə ölən qızı ilə görüşdü
Üç il əvvəl 7 yaşlı Nayeon adlı qızını xərçəng xəstəliyi nəticəsində itirən Cənubi Koreyalı ana Jang Ji-sung, “Munhwa Broadcasting Corporation” yayım şirkətinin köməyi ilə qızı ilə yenidən görüşüb.
AZƏRTAC “MBCdocumentary”ə istinadən xəbər verir ki, virtual texnologiyanın yaratdığı fürsətdən istifadə edərək şirkət “Sənlə görüşdüm” adlı sənədli film çəkib.
Qızını görən dərdli ananın yaşadıqları təkcə özünə deyil, onu izləyənlərə də duyğusal anlar yaşadıb. Videodan da görünür ki, ana virtual eynək və təması hiss etdirən əlcək geyinib. Yaşıl bir fonda çəkilən görüntülərdə ananın qızı ilə danışdığını, əllərini tutduğunu və onu əzizlədiyini görmək olur. Səhnə arxasından Nayeonu atası, bacı və qardaşı da izləyib.
Şirkətin verdiyi məlumata görə, yaradıcı heyət bu layihəyə 8 ay vaxt sərf edib. Onlar gerçək həyatda ana və qızının tez-tez getdiyi bir parkın bənzəri olan çəkiliş paviliyonu yaradaraq, texnoloji qızı isə əsl Nayeona bənzətməyi bacarıblar.
Qeyd edək ki, şirkətin rəsmi “YouTube”səhifəsində yayınladığı “Sənlə görüşdüm” adlı klipi qısa vaxtda milyonlarla baxış qazanıb.