ELM VƏ TƏHSİL
9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 39966 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.