ELM VƏ TƏHSİL
Məktəblər koronavirusa qarşı dezinfeksiya olunur
Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.