ELM VƏ TƏHSİL


Elektron dərslər bütün il boyu davam edə bilər

Hazırda ölkəmizdə təhsil alan 1.5 milyon şagirdin 90 faizi Təhsil Nazirliyinin “Teledərs” layihəsi vasitəsi ilə təhsilə cəlb olunub. “Virtual məktəb” layihəsindən istifadə edən şagirdlərin sayı 250 minə çatıb. Eyni zamanla bu prosesdə müəllimlər də iştirak edir. Elektron resurslardan istifadə edərək dərslərin keçirilməsi məcburi xarakter daşımır, amma müəllimlər kütləvi şəkildə “Zoom”, “Skype”, “Whatsapp” vasitəsi ilə könüllü olaraq bu prosesi həyata keçirirlər. Bizdə olan məlumata görə, ibtidai sinifdə təhsil alan şagirdlərin bütün ölkə üzrə 70 faizi, Bakı şəhəri üzrə 85 faizi internet resurslarından istifadə etməklə məsafədən təhsilə cəlb oluna biliblər. Ali təhsil müəssisələrindən, Bakı Dövlət Universitetində 16 min, İqtisad Universitetində 14 min tələbə elektron dərslərə cəlb oluna bilib. Hesab edirəm ki, elektron dərslər bütün yay boyu və il boyu davam edəcək. Hazırda Azərbaycan təhsili realdan virtuala keçsə də, şagirdlərin bilik əldə etməsində ciddi fərq yoxdur. Sadəcə şagirdlər onlayn dərslərə psixoloji hazır deyillər. Bir ailədə bir-neçə uşağın onlayn dərslərə cəlb olunması, internet qiymətləri, texniki avadanlıqların olmaması hər kəsin tam şəkildə iştirakına imkan vermir. Buna baxmayaraq hazırda Azərbaycanda onlayn dərslərin əhatə olunması dünyada ilk yerlərdən birini tutur. Bunu təhsil eksperti Kamran Əsədov AZƏRTAC-a müsahibəsində deyib.