ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara belə təşəkkür etdi

Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Nigeriya, Pakistan və Qazaxıstandan olan bir qrup əcnəbi tələbə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ali Məktəbin Tələbə Evində qalmaqla özünütəcrid qaydalarına əməl edirlər.
AZƏRTAC xəbər verir ki, onlar BANM-in əməkdaşları tərəfindən Xüsusi karantin rejiminin tələbləri ilə bağlı məlumatlandırılıb, zərurət yarandıqda tibbi və qida ehtiyacları ilə təmin olunurlar.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində hökumətlə yanaşı, mübarizənin ön cəbhəsində olan tibb işçiləri, polis və hərbiçilərin əzmkarlığı öz doğma evlərindən uzaqda olan tələbələrin də diqqətindən yayınmayıb.
Onlar görünməyən qəhrəmanlara təşəkkürlərini ifadə ediblər. Pandemiya dövründə yüksək əzmkarlıq nümayiş etdirərək qlobal virusla mübarizə aparanların cəsarətinin bütün insanlar üçün nümunə olduğunu qeyd ediblər.
Qeyd edək ki, sözügedən tələbələr Azərbaycanda pandemiya ilə mübarizədə hökumət tərəfindən həyata keçirilən preventiv tədbilərin effektivliyini nəzərə alaraq öz ölkələrinə getməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır