ELM VƏ TƏHSİL


Abituriyentlərin təqribən 99%-ə yaxını ərizəsini özü təsdiq edib

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. Bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəsini təsdiq edib. Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 55597-si bu ilin, 8019-u isə əvvəlki illərin məzunlarıdır. Abituriyentlərin təqribən 99%-ə yaxını ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 1% abituriyent isə elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək. Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.