ELM VƏ TƏHSİL
9 və 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına start verilir
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.