ELM VƏ TƏHSİL


Magistraturaya proqram və ixtisaslaşma seçimi başlanır

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, proqram və ixtisaslaşma seçiminə fevralın 23-də keçirilmiş magistraturaya qəbul imtahanında (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.
Bakalavrlar iyunun 8-dən 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.