ELM VƏ TƏHSİL
Xüsusi karantin rejimində buraxılış imtahanları necə keçdi REPORTAJ
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün keçirilən 9 və 11-ci siniflərin buraxılış imtahanında bir qədər fərqli mənzərənin şahidi oluruq. İmtahanlar xüsusi karantin rejiminə uyğun təşkil olunub. İmtahan binalarına daxil olmazdan öncə bütün iştirakçıların hərarəti yoxlanılıb. Sosial məsafənin gözlənilməsi üçün hər imtahan otağında 10, maksimum 15 iştirakçı var. Bütün namizədlər və nəzarətçilər isə mütləq şəkildə tibbi maska taxıb. Ənənəvi imtahanlardan fərqli olaraq bu imtahanlarda namizədlər buraxılış vərəqi ilə birlikdə çap edilən sağlamlıq bəyannaməsini də imzalayıblar. Şagird bu bəyənnaməni çap edib imzalayır ki, son 15 gün ərzində onda və ya ailə üzvlərində koronavirus aşkarlanmayıb və ya virusa yoluxmuş şəxslərlə təmasda olmayıblar. Bununla şagird məsuliyyəti öz üzərinə götürür. Hansısa şagirdin özü haqqında yanlış məlumat verdiyi aşkarlansa, onun imtahan nəticələri ləğv edilə bilər. Həmçinin kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Bugünkü imtahanlarda 25 min 597 şagird iştirakı nəzərdə tutulub.İmtahanlar respublikanın 39 şəhər və rayonunda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalında keçirilib.