ELM VƏ TƏHSİL


Hərarəti yüksək olduğu üçün 20 nəfər imtahana buraxılmayıb

Dövlət İmtahan Mərkəzi iyunun 10-da 9 və11illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib. İlkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın abituriyentin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan abituriyentlər də olub.
9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq. 11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.