RƏSMİ


Qəbələnin Bum qəsəbəsində tam orta məktəbin yeni binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaratmışdı. Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir.