CƏMİYYƏT


Mehmandarovun dəvəti ilə Lənkərana gəlib məktəb açan elm fədaisi - Mirzə İsmayıl Qasir

Lənkəranda ilk dəfə "Üsuli cədid" adlı məktəb, "Fövcül füsəha" ədəbi məclisi yaradan elm fədaisi, şair Mirzə İsmayıl Qasir haqqında nələr bilirik? AZƏRTAC-ın müxbiri Mirzə İsmayılın heç də rəvan keçməyən həyat yoluna nəzər salıb.
Mirzə İsmayıl Qasir 1805-ci ildə indiki Ağdaş rayonunun Ləki kəndində dünyaya gəlib. Qasirin əsli Cənubi Azərbaycandandır. Mirzə uşaqlıq illərində Ləkidə yaşayıb və ilk təhsilini bu kənddə alıb. Yeddi yaşı olanda atası dünyasını dəyişib, anası ikinci dəfə ailə qurduqdan sonra onlar Şamaxıya köçüb və orada yaşayıblar.