SİYASƏT


Prezident: Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.