SİYASƏT


“TV Berlin” kanalı Laçın yolu ətrafında baş verən hadisələrə dair reportaj yayımlayıb

Almaniyanın tanınmış “TV Berlin” kanalı Laçın yolu ətrafında baş verən son hadisələrə dair reportaj yayımlayıb. Reportajda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilə müsahibə də yer alıb.
AZƏRTAC xəbər verir ki, N.Ağayev müsahibəsində bəzi Almaniya KİV-lərinin Laçın yolunda guya "blokadanın davam etməsi", eləcə də Qarabağın erməni əhalisi yaşayan hissəsində "humanitar vəziyyətin pisləşməsi" ilə bağlı əsassız iddialarına cavab verib. Qeyd edib ki, “Laçın dəhlizi” kimi təqdim olunan nəqliyyat yolu əslində 44 günlük müharibədən sonra Azərbaycanın özü tərəfindən, xoş məram nümayişi olaraq Qarabağın erməni əhalisinin istifadəsi üçün tikilib və istifadəyə verilib. Ermənistan isə bu yoldan Qarabağın erməni əhalisi yaşayan hissəsinə əsgərlər, silah-sursat və minaların daşınması üçün sui-istifadə edib. Nəticədə Azərbaycan həmin yol üzərində sərhəd-buraxılış məntəqəsi təsis edib. Bundan sonra ermənilər bu yoldan sərbəst şəkildə istifadə ediblər. Ancaq iyunun 15-də Ermənistan Azərbaycana qarşı təxribata əl ataraq sərhəd-buraxılış məntəqəsinə hücum təşkil edib və bu səbəbdən həmin yoldan istifadə bir müddət məhdudlaşdırılıb.