RƏSMİ


Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən yaşıl hidroenerji layihələri və perspektiv hədəflər haqqında məlumat verilərkən bildirildi ki, dövlətimizin başçısı tərəfindən irəli sürülən Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış və 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi təsbit edilməsi, həmçinin Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə "AzərEnerji" ASC-yə verdiyi tapşırığın icrası məqsədilə işğal dövründə dağıdılmış su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yeni su elektrik stansiyalarının tikintisi barədə hesabat hazırlanaraq təqdim edilib. Hesabata əsasən bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.