CƏMİYYƏT


Şəki və Balakənin bağçası olmayan ucqar kəndlərində yeni pilot layihəyə start verilib

Elm və Təhsil Nazirliyi Şəki və Balakənin bağçası olmayan ucqar kəndlərində yeni pilot layihəyə start verib.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin icrasına başladığı yeni pilot layihə “Erkən öyrənmə qutusu” alternativ məktəbəqədər təhsil modeli adlanır. Layihənin Şəki və Balakən rayonlarının ucqar kəndlərindən başlanmasına səbəb isə həmin ərazilərdə məktəbəqədər təhsil müəssisəsi və alternativ məktəbəqədər təhsil modelinin olmamasıdır. İlkin araşdırmalardan sonra Şəkinin Qudula və Çapağan kəndləri seçilib. Qudulada 35, Çapağan kəndində isə 18 nəfər 3-5 yaşlı uşaq var, lakin o ərazidə bağçaların olmaması onların erkən təhsilə cəlb olunmasını məhdudlaşdırır. Bu səbəbdən layihəyə ümumilikdə 40 nəfər 3-5 yaşlı uşaq və onların valideynləri cəlb olunub.