“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
14.10.2024 [18:46]
Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu layihənin dörd ildir reallaşdırıldığını xatırladıb. O vurğulayıb ki, hər bir xalqın inkişafı üçün vacib olan amil və möhkəm bünövrə təhsillə bağlıdır: “Təhsilin dövlətin, cəmiyyətin inkişafında rolunu heç nə ilə müqayisə etmək olmaz. Bu gün əldə etdiklərimizi aldığımız təhsilə borcluyuq. Qızların təhsili xüsusi əhəmiyyət kəsb edir. Hər il ictimaiyyətə müraciət edirik ki, gənc qızların təhsilinə töhfə versinlər. Qeyd etməliyəm ki, ümumilikdə 265 nəfər “Hənifə Məlikova-Zərdabi təqaüd proqramı”nı qazanıb. Artıq bu layihə 58 rayonu əhatə edir. Qürurverici haldır ki, bu il proqram iştirakçılarımızdan biri ən yüksək - 700 bal toplayaraq ADA Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub. Onu da deyim ki, bu layihəyə dəstək vermək istəyənlərin sayı getdikcə artır. 2025-ci ildə artıq bizim ilk məzunlarımız olacaq”,- deyə B.Muradova diqqətə çatdırıb.