Gürcüstanda yaşayan soydaşlarımızın işğaldan azad olunan ərazilərə səfəri başa çatıb
22.10.2024 [19:28]
Gürcüstanda yaşayan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri başa çatıb. Onlar bu gün Şuşa və Ağdamda olublar. üçüncü qrupun səfəri ötən gün Xankəndi şəhərindən başlayıb.
Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Onlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanılır.