Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili işlər naziri Balakəndə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib

04.12.2024 [16:20]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 3-də və 4-də Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə nazir Ümummilli Lider Heydər Əliyevin rayondakı abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 194 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün DİN-in aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.