Təkcə insanların deyil, vicdanın da güllələndiyi gecənin ən məsum qurbanlarından biri: 13 yaşlı Larisa Məmmədova
20.01.2026 [12:21]
36 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə... O gecə amansız sovet ordusu azadlıq eşqi ilə alovlanan Azərbaycanda 7-dən 77-yə əliyalın, dinc sakinlərin azadlıq eşqini söndürməyə çalışdı. Bu eşqi söndürə bilməsə də, o gecə məsum talelər, hələ də dünyaya yalnız sevgi ilə baxan, nifrətin nə olduğunu bilməyən körpə qəlblər canilərin silahından çıxan mərmilərlə dəlmə-deşik edildi. Elə 13 yaşlı Larisa kimi... O, günlər əvvəl şəhərdə olan sovet ordusu əsgərlərinin ac olduğunu düşünüb, "ana, onlar yazıqdırlar, yemək hazırla aparım yesinlər" demişdi. Larisanın mərhəmətli ürəyinin döyüntüsünə son qoyan o mərmi həm də insanlığa atılmış güllə idi. Yanvarın 19-dan 20-nə keçən gecə təkcə insanlar deyil, vicdan da güllələnmişdi...