ELM VƏ TƏHSİL
Məktəblərdə dərslər necə təşkil olunacaq - Ekspert rəyi
Sentyabrın 15-dən ibtidai siniflərdə təhsil əyani formada bərpa olunacaq. Təhsil Nazirliyi ibtidai siniflər üçün dərslərin həftədə 2-3 dəfə keçirilməsi təklifi ilə çıxış edib. İndi hər kəsi maraqlandıran bir sual var, pandemiya şəraitində dərslər necə və hansı formada təşkil olunacaq?
Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Təhsil eksperti Kamran Əsədov bildirir ki, şagirdləri tamamilə yeni qaydalarla təşkil olunan tədris ili gözləyir. Bu müddətdə şagirdlər dərsləri həm ənənəvi, həm də onlayn formada mənimsəyə biləcəklər.
Kamran Əsədov, təhsil eksperti
“Hər hansı bir sinifdə şagird sayı 20-dən artıqdırsa, o, iki hissəyə bölünəcək, müəyyən qrup şagirdlər məktəblərə 1, 3, 5-ci və ya 1, 3-cü günlər, digər qrup isə 2, 4, 6 və ya 2, 4-cü günlər gələcək. Dərslərin başlama saatları da fərqli olacaq, 1-ci sinif şagirdləri saat 8-də, 2-ci sinif şagirdləri saat 9-da, 3-cü sinif şagirdləri saat 10-da. Eyni zamanda bütün fənlər ənənəvi qaydada individual olaraq məktəblərdə keçirilməyəcək. Xüsusən akademik bilik tələb edən texniki və təbiət fənləri siniflərdə və auditoriyalarda keçiriləcək, humanitar, bədən-tərbiyə, musiqi dərsləri daha çox onlayn qaydada keçiriləcək”.
Ekspert bildirir ki, məktəblərdə yoluxma hallarının olmaması üçün həm müəllimlərin, həm də şagirdlərin gigiyenik qaydalara əməl etməsi vacibdir. Əks halda məktəblər yenidən fəaliyyətini dayandıra bilər.
Kamran Əsədov, təhsil eksperti
“12 yaşına qədər olan uşaqların maskadan istifadə etməsi məcburi xarakter daşımır, amma müəllimlərin qoruyucu maskadan istifadə etməsi məcburi tələb olacaq. Müəllimlər və şagirdlər məktəbə daxil olan zaman onların temperaturu ölçüləcək, temperaturu 37 dərəcədən artıq olanlar istər müəllim, istər şagird, istər texniki işçi məktəbin inzibati binasına buraxılmayacaq. Məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri görüləcək, spirt, sulu sabundan istifadə olunacaq, yəni bizi tamamilə yeni tədris ili gözləyir”.
Qeyd edək ki, 5-9-cu siniflərin oktyabrın 1-dən, 10-11-ci siniflərin isə oktyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla əyani dərslərə cəlb olunacağı gözlənilir.