CƏMİYYƏT
Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektlərində reydlər keçirilib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Qeyd edilən neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət- profilaktik tədbirlər davam etdirilir.
Növbəti belə tədbir zamanı Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Tüstü” çay evində qəlyandan istifadə və bunun “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq nümayiş etdirilməsi barədə polis orqanlarına məlumat daxil olub. Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Rüfət Qarayev polislər tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən Rüfət Qarayev barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edərək sosial şəbəkələrdə yayımlayan bir nəfər isə cərimə olunub.