CƏMİYYƏT


Bakıda qanunsuz fəaliyyət göstərən qumarxanalar aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində paytaxt ərazisində qanunsuz fəaliyyət göstərən qumarxanalar aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat tədbirlərindən biri paytaxtın Xətai rayonu ərazisində keçirilib. Baş İdarəyə vətəndaş Rəşad Rzayevin yaşadığı evdə kartla qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində təşkilatçı ev sahibi Rəşad Rzayev, həmçinin orada qumar oynayan daha beş nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Evə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda milli və xarici valyuta, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.