ELM VƏ TƏHSİL
“Qaliblər düşərgəsi” davam edir: Uşaqların təəssüratları
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün təşkil olunan və maraqlı proqramlarla zəngin “Qaliblər düşərgəsi” davam edir. Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər keçirilir. Bundan başqa, Bakının görməli yerlərinə ekskursiyalar təşkil olunur. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşürlər. Həmçinin düşərgə iştirakçıları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkim briqadası tərəfindən USM, qanın ümumi analizi və sair üzrə müayinədən keçirlər. Məqsəd uşaqların sağlamlığını daim nəzarətdə saxlamaqdır. Bu istiqamətdə tədbirlər düşərgə boyu davam etdiriləcək. Qeyd edək ki, düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşır.