37 mindən çox abituriyent qəbul imtahanı verəcək
12.07.2021 [13:24]
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21035, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16757 nəfər olmaqla, ümumilikdə 37792 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlarda 42 nəfər gözdən əlil və ya eşitmə əngəlli abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.