ELM VƏ TƏHSİL


Ağcabədi rayonunun Sarıcalı kəndində inşa edilən məktəb binasında son tamamlama işləri görülür

Ağcabədi rayonu Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik yeni məktəb binasında son tamamlama işləri aparılır. Binanın tikintisi Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 4 iyun tarixli Sərəncamına əsasən həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki mərtəbə və zirzəmidən ibarət yeni məktəb binasının tikinti sahəsi 2712 kvadratmetrdir. Məktəbdə 16 sinif otağı, kimya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.