CƏMİYYƏT


Bakıda üzərində "Kalaşnikov" gəzdirən şəxs və narkokuryerlər saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşqul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib. Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narkokuryerlik təklifi ilə razılaşdıqları müəyyən edilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs də saxlanılıb. Polisə Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.