SİYASƏT
Britaniya parlamentinin nümayəndə heyəti Ağdamda
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunan Ağdamda erməni vandalizmi ilə tanış olub. Onları Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və Milli Məclisin deputatı Soltan Məmmədov müşayiət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdama gələn qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qarşılayıb. Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.