SİYASƏT


AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Sinxua agentliyinin baş katibi Jinq Ruyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Vüqar Əliyev agentliyin fəaliyyəti barədə məlumat verib, Sinxua və Çinin digər KİV-ləri ilə sıx əlaqələrin olduğunu vurğulayıb. AZƏRTAC və Sinxua arasında əməkdaşlığın bu il 20 illiyinin tamam olduğunu diqqətə çatdıran İdarə Heyətinin sədri münasibətlərin yeni səviyyəyə yüksəldilməsinin önəmini qeyd edib.
“Xəbər agentliklərinin əməkdaşlığına yenidən baxılması zamanın tələbidir. İnformasiya mühiti dəyişir və sosial medianın genişlənməsi xəbərlərin daha sürətlə yayılmasına, eyni zamanda, feyk məlumatların da yaranmasına səbəb olur. Belə şəraitdə etibarlı informasiya mənbəyi kimi aparıcı agentliklərə böyük ehtiyac var. Bu baxımdan ölkələrimiz haqqında daha dolğun məlumatların yayılması üçün əlaqələrimizi daha da gücləndirməliyik”, - deyə Vüqar Əliyev qeyd edib.