Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada ADA Universiteti məzunlarının ikinci forumu keçirilib

12.11.2023 [16:43]

Xəbərin mətni

Noyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ADA Universitetinin məzunlarının ikinci forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universiteti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, ölkəmizin Avstriyadakı səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə keçirilən tədbirdə ADA Universitetinin Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və əcnəbi məzunları, diplomatik korpusun nümayəndələri və elmi-akademik dairələrin təmsilçiləri iştirak ediblər. Foruma ADA Universitetinin dünyanın 30-a yaxın ölkəsindən 100-dən artıq məzunu qatılıb.