Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub
28.05.2024 [17:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi.
Bildirildi ki, Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə - 3018 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib. O cümlədən Qarabağın məşhur seyidlərindən olan Fuğara ağanın ocağı da burada yerləşir.