CƏMİYYƏT


DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib

İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2023-2024-cü tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətəninə, xalqına və Ali Baş Komandanına sadiq, bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu olduğunu bildiriblər.