CƏMİYYƏT


İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər

İşğaldan azad olunan ərazilərdə heyvanların kəsimi, satışı üçün xidmət göstərilən ilk yerlərdən biri də Füzuli şəhər mərkəzində yaradılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov AZƏRTAC-a bildirib ki, kəsim və satışın norma və qaydalara uyğun həyata keçirilməsi üçün səyyar çadır məntəqəsi qurulub. Məntəqədə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün lazımı şərait yaradılıb. Həmçinin burada Qida Təhlükəsizlik İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərir. Füzuli sakinləri sevinc və qüruru hissi ilə illər sonra doğma yurdlarında qurbanlarını kəsmək üçün yaradılan məntəqədən yararlana bilib.