CƏMİYYƏT


Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır

Lənkəranın Şıxakəran kənd qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsi əhalinin uzun illərdən bəri xüsusi inam və ehtiram bəslədiyi müqəddəs ziyarətgahlardandır. Türbə XIII əsrdə yaşamış böyük sufi alimi Şeyx Zahidin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, dövrünün tanınmış ziyalısı, filosof, müəllim və şair olan Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. Tarixçi-tədqiqatçı İldırım Şükürzadə deyir ki, o, 1215-ci ildə Lənkəranın Siyəvurd- indiki Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açıb. Şeyx Zahid Səfəvilərin ulu babası Şeyx Səfiəddinin mürşidi-müəllimi olub. İki dəfə evli olan Şeyx Zahidin bu evliliklərdən 4 övladı dünyaya gəlib. İyirmi dörd yaşında Lənkərana gələrək Şeyx Zahiddən dərs alan Şeyx Səfiəddin onun qızı Bibifatimə ilə evlənib. Səfəvilər Şeyx Zahidin nəslindən hesab olunur.