CƏMİYYƏT


Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb

Son illər Azərbaycanda gənclər arasında avtomobil sahəsinə maraq artıb. İngilis, rus və türk dillərini bilən 27 yaşlı salyanlı gənc Aqil İbrahimov “AgillaS Alone” adlı idman avtomobil modelinin dizaynını hazırlayıb.
AZƏRTAC xəbər verir ki, iki təhsili olan Aqil turizm sahəsini bitirsə də, özünü avtomobil sahəsində sınayıb və indi ən böyük arzusu da elə Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır. O, hazırladığı eskizlərin müəllif hüququnun qorunmasını da əvvəlcədən düşünüb. Gənc ixtiraçı deyir ki, əvvəlcə avtomobilin kağız üzərində eskizini çəkib, sonra həmin avtomobil modelini gildən və plastik materialdan hazırlayıb. O, bunun üçün 4 il vaxt sərf edib və müəlliflik hüququ da alıb. Gənc ixtiraçının avtomobilə verdiyi ad da maraqlıdır - “AgillaS Alone”. Aqil bu avtomobil markasının gələcəkdə hər hansı avtomobil istehsalı ilə məşğul olan şirkətin diqqətini cəlb edəcəyinə ümid bəsləyir. İstəyi isə bu modelin Azərbaycan markası olmasıdır. Aqil İbrahimov müəllifi olduğu avtomobil modelinə xüsusi loqo da hazırlayıb. “AgillaS” brendi adı altında özümə məxsus olan konsepsiyalar hazırlayıram. Yəni, Aqil və Sultan qardaşları loqosunun əsasında bu avtomobil 15-ci layihəm kimi ərsəyə gəlib. Hazırda 30-a yaxın avtomobil layihəm var. Hər biri üstün və fərqli cəhətlərə malikdir. Bu avtomobil sektorunda mən özümü uğurlu hiss edirəm. İstəyim odur ki, “AgillaS” modelimiz bütün dünyada tanınsın, Azərbaycan brendi kimi öz sözünü desin”.